Güneyli pilot üçrəngli bayrağımızı mavi göylərdə dalğalandırmaq istəyir
Səhər Sələhşur: “Ən böyük arzum Güney Azərbaycanın istiqlaliyyətinə qovuşması və Bütöv Azərbaycanın qurulmasıdır”
Güney Azərbaycan Analitik İnformasiya Mərkəzindən (GAAİM) verilən məlumata görə, bunu Təbriz şəhərində doğulub boya-başa çatmış və hazırda ABŞ-da mühacirət həyatı yaşayan sərnişin təyyarəsinin pilotu, 25 yaşlı soydaşımız Səhər Rza qızı Sələhşur bildirib.
Onun sözlərinə görə, ailəsi 12 il bundan əvvəl İran rejiminin zülmündən qaçaraq Amerikaya gedib: “Məndən başqa üç kiçik bacım var. ABŞ-a gəldikdən sonra “Dörd bacılar” adıyla tanınan Azərbaycan musiqisini təbliğ edərək bir neçə konsert verdik. Hazırda uğurlarımın hamısını öz ana torpağıma, ata və anama borcluyam”.
Səhər Sələhşur deyib ki, ABŞ-da nə qədər qəm-qüssədən uzaq, şad yaşasa da, ancaq hər an vətəninin bir parçasının farsların əsarəti altında olduğunu unuda bilmir: “Mən həmişə özümü bir türk qızı kimi düzgün və vüqarlı aparmağa çalışmışam. Özümü canımdan əziz, doğma torpağıma borclu sayıram”.
Güneyli xanım vətəni üçün çox darıxdığını da vurğulayıb: “Mən hər zaman vətəndən danışanda Təbrizin Aynalı dağının üstündəki buludları görürəm. Bir an özüm bilmədən gözlərim yaşarır. Arzu edirəm ki, azad vətənimizə ağ qanadlı təyyarəmlə birinci ayaq basan özüm olaydım.
Bundan böyük arzum yoxdur. Həmin gün üçün hamımız əl-ələ verib çalışmalıyıq. Mənim böyük vətənim vardır. Dərbənddən tutmuş Əraka qədər mənim vətənimdir. Həmin vətənin adı Azərbaycandır.
Təbriz üçün nə qədər ürəyim sıxılsa da, Ərdəbil, Urmiya, Həmədan, Astaranı da könlüm istəyir. Bakını da, Naxçıvanı da görmək istəyirəm. Axı mən nə edim? Bunlar hamısı mənim vətənimdir. Hər halda vətənim azad olsaydı, mən orada təhsil alıb, onun irəliləyişi üçün çalışardım. Ancaq təəssüflər olsun ki, azad vətənim bu gün əsarətdədir”.
Səhər Sələhşur qeyd edib ki, hələ uşaqlıqdan vətəninin farsların işğalı altında olduğunu anlayıb: “Bu səbəbdən atamın və anamın istəyilə əlimə qarmon aldım, mehriban müəllimim və ustadım, çox hörmətli Yusif bəy Əbdüləzimzadə ilə bərabər el nəğmələrini öyrənməyə başladım. İndi isə bu yoldan bir an geri çəkilmək niyyətində deyiləm. Təbii ki, çiynimizdə böyük məsuliyyət var”.
Onun bildirdiyinə əsasən, bir neçə aydan sonra Vaşinqton şəhərində Amerika Azərbaycanlılarının ikinci qurultayı keçiriləcək: “Tədbirdə Güney Azərbaycandan da soydaşlarımızın iştirak etməsi yaxşı olardı. Ancaq bu gün olmasalar da, bizlər onların tərəfindən varıq. İnşallah, qurtuluşumuzun ilk qaranquşu kimi azad olmuş vətənimizin üçrəngli bayrağını mavi göylərdə dalğalandıranlardan olacağam”.