Saturday, June 23, 2007

İran prezidenti Azərbaycana sataşdı

Mahmud Əhmədinejad: “Xəzəryanı ölkələr xarici güclərin müdaxiləsinə yol verməyərək problemləri öz aralarında həll etməlidir”

“Xəzərin hüquqi statusu probleminə uzunmüddətli baxış və hövzənin təbii ehtiyatlarının dəyərləndirilməsi vacibdir”. APA-nın məlumatına görə, bu fikirləri Xəzəryanı ölkələrin xarici işlər nazirlərini qəbul edən İran prezidenti Mahmud Əhmədinejad söyləyib.
O, Xəzər dənizinin bütün sahilyanı ölkələrin tələbatını təmin edə biləcək səviyyədə önəmli ehtiyatlara malik olduğunu deyib: “Xəzəryanı ölkələr ortaq mədəniyyət, maraq və düşmənlərə sahibdir. Bu baxımdan bölgənin problemlərini qısa bir zamanda həll etmək, bölgənin ehtiyatlarını xalqların marağı və rifahı naminə istifadə etmək lazımdır. Bəzi dünya gücləri öz maraqları naminə Xəzərin hüquqi statusu problemindən region dövlətlərini bir-birinə qarşı qoymaq məqsədilə istifadə edir. Hesab edirəm ki, region ölkələri qarşılıqlı anlayış içərisində xarici güclərin müdaxiləsinə yol verməyərək problemləri öz aralarında həll etməlidir. Bəzi ölkələri bölgənin yalnız neft və digər enerji qaynaqları maraqlandırır. Amma bölgə dövlətlərini daha çox təhlükəsizlik və ekoloji problemlər maraqlandırmalıdır. Biz bu problemləri birgə həll etməyə qadirik”.