Dünən toqquşmalarda 18 nəfər həlak olub, 2 nəfər edam olunub, bir nəfər daşqalaq edilib, itkin düşənlərdənsə xəbər yoxdur
İranda edamların sayı günü-gündən artmaqdadır. “Fars” agentliyinin verdiyi xəbərə görə, ötən gün İsfahan şəhər Məhkəməsinin 16-ci şöbəsində 23 yaşlı siyasi fəal Əkbər Əkbəri milli təhlükəsizliyi pozmaq ittihami ilə dara çəkilib.
Eyni ittihamla Zahidan şəhərinin inqilab məhkəməsində edama məhkum olunan Məhəmməd Gül.Q mərkəzi həbsxanada dara çəkilib.
“Əsre-İran” agentliyinin verdiyi xəbərə əsasən, əhali etiraz etsə də, Qəzvin əyalətinin Takistan bölgəsində Cəfər Kiyani adlı şəxs gizlicə daşqalaq edilib. Bu cəzaya məhkum olunan qadın Mükərrəmə İbrahimidən isə hələ xəbər yoxdur. M.İbrahiminin vəkili Səid İqbali də onun harada saxlanmasından xəbərsizdir. Ancaq “Edvardnyus” agentliyi hər iki şəxsin cəzasının icra olunduğunu xəbər verir.
Babək qalasına yürüşlərə qadağa qoyulmasına rəğmən, bir neçə millətçi fəal dağlardan gizlicə qalaya gedib. Onlar qayıdan zaman ”Ettelaat” tərəfindən tutularaq naməlum yerə aparılıblar. Həbs olunanlar barədə heç bir xəbər yoxdur.
Dünən səhər saat 9-30-da Bukan şəhərinin İsgəndəri meydanında əhali ilə polis arasında toqquşma olub. “İranpressnyus” agentliyinin verdiyi xəbərə görə, əhali polis maşınlarına hücum edib, onları daşlayıb. Polis qüvvələri isə əhalini qorxutmaq üçün havaya atəş açıb. Polis “Ettelaat” və intizami qüvvələrin dəstəyi ilə şəhəri öz nəzarətində saxlayıb.
Zahidan şəhərində polisin atəş açması nəticəsində 18 nəfər həlak olub. İyulun 7-də sərhədə parça daşıyan maşın polisin atəşinə tuş gəlib. Yaralanan sürücü nəzarəti itirib və idarə etdiyi maşın iki yanacaqdaşıyan maşınla toqquşub. Partlayış nəticəsində 18 nəfər həlak olub. Xatırladaq ki, “Mirgavə” adlanan bu caddədə keçən həftə bir nəfər də polis tərəfindən öldürülüb.
Kermanşah şəhərinin “Dizelabad” həbsxanasında saxlanılan 20 məhbus aclıq aksiyası keçirir. Bu məhbuslar bir ildən artıqdır tutulublar, ancaq onları məhkəməsiz həbsxanada saxlayırlar.
Bukan şəhərində tutulan siyasi fəal Məhəmməd Salih Kuyxaşir 4 ay təcridxanada saxlanılandan sonra, Məhabad şəhərinin inqilab məhkəməsində kürd partiyaları ilə əməkdaşlıqda ittiham olunaraq 8 il həbs cəzasına məhkum edilib.