Təbriz universitetinin oturaq aksiya keçirən tələbələri müxtəlif müddətə təhsildən məhrum ediliblər
İranda Azərbaycan milli hərəkatının tanınmış nümayəndələrindən olan Nadir Məhd Qarabağın həbsinə etiraz olaraq dəfələrlə Təbriz Universitetində oturaq etiraz aksiyası keçirmiş tələbələrdən 10 nəfəri iki semestr, 3 nəfəri isə bir semestr müddətinə təhsildən məhrum edilib.
«Media forum» saytının məlumatına görə, azərbaycanlı tələbələr universitet daxilində asayişi pozmaqda günahlandırılıblar.
Güneydən «Media forum»a daxil olan daha bir məlumatda bildirilir ki, 2006-cı ilin may-iyun aylarında keçirilən etiraz aksiyalarına görə Sulduz şəhərində tutulmuş milli fəal Əmir Fərahaniyə öz ailəsi ilə görüşməyə icazə verilmir.
İki övlad atası olan Ə.Fərahani separatçılıqda və pantürkist qrupları yaratmaqda günahlandırılır. Onun zindanda müxtəlif işgəncələrə məruz qaldığı bildirilir.