Tələbə hərəkatından son xəbərlər
“Əmir kəbir” agentliyinin verdiyi xəbərə görə, Politexnik Universitetinin 7 tələbəsi müxtəlif müddətə təhsildən məhrum edilib. Bijən Puryusefi, İsmail Səlmanpur və Səccad Veys Muradi 2 semestr, Abbas Həkimzadə isə 3 semestr təhsilsiz qalacaq. Mənbənin məlumatına əsasən, Əli Rəhayi Universitetin rektoru olandan 100-dən artıq tələbə inzibati komitəyə çağırılıb və müxtəlif müddətə təhsildən məhrum edilib. Hazırda daha 25 tələbə bu komitəyə çağırılıb.
Tehranın Xacə Nəsir xiyabanında yerləşən tələbə təşkilatı “Təhkime-Vəhdət”in ofisinə hücum edən polislər tələbələri tutaraq naməlum yerə aparıblar. Həbs olunanlardan Məhəmməd Hüseyn Bəhram Fəyyazi, Müctəba Bəyat, Murtaza İsahçı, Həbib Hacheydəri, Məsud Həbibi, Səid Hüseynniya, Əbdullah Mömini və İzzət Qələndərinin adları bəlli olsa da, başqa tələbələrin kimliyindən xəbər yoxdur. Bundan əlavə, təşkilatın 6 qurucusu da həbsə alınıb. Təbriz Universitetində daha 14 tələbənin müxtəlif müddətə təhsildən məhrum olunmalarına “İslami Əncümən” tələbə təşkilatının sədri Hamid Mühəqqiq sərt bəyanatla etiraz bildirib. H.Mühəqqiqi Universitetin mühafizə xidmətinin tələbələrə qarşı repressiyalarını qınayıb, onlara verilən cəzanın ədalətsiz olduğunu vurğulayıb.