Thursday, July 26, 2007

Jurnalist edam cazasına məhkum edilib


İranın Mərivan şəhərindən olan müstəqil jurnalist Ədnan Həsənpura edam cəzası çıxarılıb
«Mediaforum» saytının məlumatına görə, Ə.Həsənpurun bacısı Leyla Həsənpur Praqa şəhərində fars dilində yayılan «Radio Fərda»ya deyib ki, Sənəndəc zindanının rəsmiləri belə bir hökmün çıxarıldığını qardaşına iyulun 16-da bildiriblər.
Fəaliyyətinə qadağa qoyulmuş «Asu» həftəlik qəzetinin əməkdaşı olan Ə.Həsənpur beş ay əvvəl yazılarına görə Mərivan şəhərində tutularaq Sənəndəc zindanına aparılıb.
L.Həsənpur qardaşının ölkənin təhlükəsizliyinə qarşı çıxmaqda ittiham olunduğunu bildirərək vurğulayıb ki, «Ettelaat» əməkdaşları Ədnanın tutulması haqda məlumatın yayılmaması barədə dəfələrlə ona və anasına xəbərdarlıq ediblər. Deyiblər ki, əks təqdirdə «onun işini çətinləşdirəcəksiniz».
L.Həsənpur deyib: «Təəssüf ki, bizim sükutumuz qardaşımın işini yüngülləşdirmədi. İyulun 16-da zindan məsulları qardaşımın vəkilləri olmadan artıq edama məhkum edildiyini Ədnana xəbər veriblər. Ədnan evi dolandıran yeganə şəxsdir. Anamız ürək xəstəliyinə düçar olduğundan Ədnanın edama məhkum edildiyini ona deyə bilməmişik».
Qardaşına çıxarılan hökmü ədalətsiz sayan L.Həsənpur Ədnanın jurnalistika ilə məşğul olmaqdan başqa heç bir cinayət törətmədiyini vurğulayıb.
Bacısı beynəlxalq hüquq müdafiə təşkilatlarına üz tutaraq qardaşının edam edilməsinin qarşısının alınması üçün İran hökumətinə təzyiq göstərilməsini istəyib.
İran mətbuatının yazdığına görə, hökumətə qarşı siyasi qruplarla əməkdaşlıqda günahlandırılaraq tutulmuş hüquq müdafiəçisi Hiva Butimar da İnqilab Məhkəməsi tərəfindən edama məhkum edilib. H.Butimar tutulduqdan sonra bir müddət Sənəndəcdə saxlanıb, sonra isə Mərivan həbsxanasına aparılıb. Butimarın hazırkı vəziyyəti barədə hər hansı məlumat yoxdur.