Friday, July 13, 2007

ABŞ-ın təyyarə daşıyıcı gəmilərinə qarşı İranın intiharçı sualtı gəmiləri


ABŞ-ın təyyarə daşıyıcı gəmilərinə qarşı İranın intiharçı sualtı gəmiləri

Iyulun 12-də Moskvada “Novosti” agentliyinin verdiyi informasiyalara görə, İran birnəfərlik sualtı gəmilərlə Amerikanın təyyarə daşıyıcı gəmilərini qarşılamağa hazırlaşır. İran hakimiyyəti İkinci Dünya müharibəsində Yaponiya təcrübəsindən istifadə edərək, intiharçı sualtı gəmilərlə irəliləyir. Xatırladaq ki, Yaponya eyni metodla intiharçı birnəfərlik təyyarələrlə ABŞ-la müharibə edirdi.
İtaliyanın “Corriere della Sera” jurnalında çap olunan məqalədə sualtı gəmilərin Şimali Koreyada istehsal olunduğu və İrana satıldığı yazılır. Bu gəmilərə partlayıcı maddələr yerləşdirilir və onları kamikadze idarə edir. Bu balaca sualti qayıqların hər növ gəmini partladıb qərq etmək imkanı var. “Corriere della Sera” agentliyi mart ayında çap etdiyi “Cihad Romeoları intiharçı gəlinləri tora salır” adlı məqaladə İranı Avropada intiharçı qadınlar yetirməkdə və onlardan terrorçuluq və təxribatda istifadə etməkdə suçlandırmışdı.

İrlandiya: “Vəhşiyyətə son qoyun”

İrlandiya: “Vəhşiyyətə son qoyun”

Fransa agentliklərindən birinin verdiyi xəbərə görə, dünən İrlandiyanın xarici işlər naziri İranın səfirini çağıraraq Qəzvində 2 həftə bundan əvvəl Kiyanı adlı kişiyə daşqalaq cəzasının tətbiq olunmasından narahatlığını bildirib və bunu vəhşilik adlandırıb. İrlandiya XİN başçısı bu cəza növünün hələ də tətbiq olunmasını pisləyib: ”Bu xəbəri eşidəndə dəhşətə gəldim. İran rəsmiləri söz vermişdi ki, bu qeyri-insani cəza növü ləğv ediləcək». Avropa Birliyində növbəti dəfə rəhbərlik edən Portuqaliya rəsmiləri də bəyanat verərək İranın bu cinayətini pisləyib, daşqalağın hələ də İranda icra olunmasını insan hüquqlarının aşkarcasına pozulması kimi qiymətləndirib. Xatırladaq ki, hazırda ən azı 8 qadın və 2 kişi daşqalağa məhkum olunaraq cəzalarının icra olunmasını gözləyir.

Qadın ovu davam edir


“Standart Hicab” planı ilə əlaqədar Qəzvin şəhərində daha 23 qadın tutulub. Indiyədək bu planla bağlı tutulanların sayı 150 min nəfəri keçib.

17 yaşlı yeniyetməyə edam cəzası



Sənəndəc şəhər məhkəməsinin 27-ci şöbəsində 17 yaşlı Müslih Zəmani adlı yeniyetmə 4 il həbsxanada saxlanılandan sonra Cinayət Məcəlləsinin 105-ci maddəsinə əsasən edama məhkum olundu. Apellyasiya məhkəməsinin hakimi Məhəmməd Rza Burucerdi verilən hökmü təsdiqləyib. M.Zəmani öz qız yoldaşı ilə cinsi əlaqədə tutulduğu zaman cəmisi 13 yaşı varmış.

99 şallaq və 15 il həbs


99 şallaq və 15 il həbs

Güneyin Maku şəhərində Şəban Abbaszadə adlı şəxs xuliqanlıq ittihamı ilə 15 il həbs cəzası, Səravan şəhərinə sürgün və 99 şallağa məhkum olunub. İran rəsmi telekanallarının verdiyi xəbərə görə, 99 şallaq cəzası dünən Maku şəhərinin mərkəzi xiyabanında hamının gözü qabağında icra olunub. Xatırladaq ki, keçən həftə 30 nəfər eyni ittihamla edama məhkum edilib və 3 nəfərin edamı isə artıq icra olunub.

Milli fəal 4 aydır qanunsuz həbsdə saxlanılır

Milli fəal 4 aydır qanunsuz həbsdə saxlanılır

Təbrizli milli fəal Çingiz Bəxtavər 4 aydır, məhkəməsiz və qeyri-qanuni şəkildə “Evin” həbsxanasının 209-cu korpusunda saxlanılır. Onun ailəsi müxtəlif təşkilatlara etiraz məktubu yazsa da, hələlik onun azad olunması üçün heç bir ciddi tədbir həyata keçirilməyib. Xatırladaq ki, Ç.Bəxtavər mayın 20-də Güney aksiyalarından 2 gün qabaq “Ettelaat” tərəfindən tutulub və hazırda qeyri-qanuni olaraq həbsdə saxlanılır.