
KİTABINDA İRANI TƏNQİD ELƏMİŞ TÜRKİYƏLİ YAZAR ÖLKƏSİNDƏN GETMƏK İSTƏYİR
2007-06-27 - 14:47:00
İran səfərindəki müşahidələrini «Tehran mələkləri» adlı kitabında qələmə alan türkiyəli yazar Rabiyə Özdən Kazan İranın Türkiyədəki agent şəbəkəsinin qorxusundan ölkəsini tərk edərək İtaliya paytaxtı Romaya gedəcəyini bildirib.
ATV telekanalına verdiyi müsahibəsində R.Özdən Kazan bildirib ki, gələn ay İtaliyada türk və ingilis dillərində çapdan çıxacaq «Tehran mələkləri» kitabı çox qalmaqala səbəb olaraq onu ikinci Salman Rüşdiyə çevirəcək. Türkiyənin «Sabah» qəzetində də çıxan həmin müsahibədə müəllif bildirib ki, İranın Türkiyədəki agenturasından ehtiyatlandığından vətənini tərk edərək Romaya getmək qərarına gəlib: «İran ekstremistləri orada mənə hər hansı xəsarət yetirə bilməzlər».
ATV kanalına açıqlamasında xanım R.Özdən Kazan «Tehran mələkləri» kitabının İran reallıqları barədə obyektiv müşahidələr olduğunu deyib: «İran cəmiyyətinin iç üzünü görmək üçün mən içki kampaniyalarına qatılmış, siğə edilmək üçün özəl mərkəzlərdə saxlanan qadınlarla söhbətləşmişəm. Bir gecə küçədə tək olduğum üçün mənim özümə də pul müqabilində siğə təklif ediblər».
Türkiyə mediası bu kitab haqqında müxtəlif şərhlər dərc edərək müəllifin islam hökumət və cəmiyyətini tənqid atəşinə tutduğunu və İran qadınlarının islam adı və pərdəsi altında iradəsiz qullar kimi istismar edildiyini bildirib.
Qeyd edək ki, R.Özdən Kazan 1981-ci ildə Roma papası ikinci İohan Paveli öldürməyə cəhd edən ekstremist türk islamçısı Məhəmməd Əli Ağcanın sabiq nişanlısıdır.

