Thursday, July 26, 2007

Jurnalist edam cazasına məhkum edilib


İranın Mərivan şəhərindən olan müstəqil jurnalist Ədnan Həsənpura edam cəzası çıxarılıb
«Mediaforum» saytının məlumatına görə, Ə.Həsənpurun bacısı Leyla Həsənpur Praqa şəhərində fars dilində yayılan «Radio Fərda»ya deyib ki, Sənəndəc zindanının rəsmiləri belə bir hökmün çıxarıldığını qardaşına iyulun 16-da bildiriblər.
Fəaliyyətinə qadağa qoyulmuş «Asu» həftəlik qəzetinin əməkdaşı olan Ə.Həsənpur beş ay əvvəl yazılarına görə Mərivan şəhərində tutularaq Sənəndəc zindanına aparılıb.
L.Həsənpur qardaşının ölkənin təhlükəsizliyinə qarşı çıxmaqda ittiham olunduğunu bildirərək vurğulayıb ki, «Ettelaat» əməkdaşları Ədnanın tutulması haqda məlumatın yayılmaması barədə dəfələrlə ona və anasına xəbərdarlıq ediblər. Deyiblər ki, əks təqdirdə «onun işini çətinləşdirəcəksiniz».
L.Həsənpur deyib: «Təəssüf ki, bizim sükutumuz qardaşımın işini yüngülləşdirmədi. İyulun 16-da zindan məsulları qardaşımın vəkilləri olmadan artıq edama məhkum edildiyini Ədnana xəbər veriblər. Ədnan evi dolandıran yeganə şəxsdir. Anamız ürək xəstəliyinə düçar olduğundan Ədnanın edama məhkum edildiyini ona deyə bilməmişik».
Qardaşına çıxarılan hökmü ədalətsiz sayan L.Həsənpur Ədnanın jurnalistika ilə məşğul olmaqdan başqa heç bir cinayət törətmədiyini vurğulayıb.
Bacısı beynəlxalq hüquq müdafiə təşkilatlarına üz tutaraq qardaşının edam edilməsinin qarşısının alınması üçün İran hökumətinə təzyiq göstərilməsini istəyib.
İran mətbuatının yazdığına görə, hökumətə qarşı siyasi qruplarla əməkdaşlıqda günahlandırılaraq tutulmuş hüquq müdafiəçisi Hiva Butimar da İnqilab Məhkəməsi tərəfindən edama məhkum edilib. H.Butimar tutulduqdan sonra bir müddət Sənəndəcdə saxlanıb, sonra isə Mərivan həbsxanasına aparılıb. Butimarın hazırkı vəziyyəti barədə hər hansı məlumat yoxdur.

Qadın hüquq müdafiəçisinə inanılmaz cəza




Ona 2 il şərti həbs, 6 ay qəti həbs və 10 şallaq cəzası kəsildi

İSNA agentliyindən aldığımız məlumata görə, məşhur qadın hüquq müdafiəçisi Məryəm Ziyanın vəkil müdafiəçisi Yüsuf Molayi bildirib ki, inqılab məhkəməsi M.Ziyanı 2 il şərti həbs, 6 ay qəti həbs və 10 şallağa məhkum edib. Xatırladaq ki, M.Ziya 2006-ci il iyunun 12-də Tehranın “Hafte-tir” xiyabanında keçirilən qadın aksiyasının fəallarındandır. Hüquq müdafiəçisi iyulun 24-də Tehran inqilab məhkəməsinin 13-cü şöbəsində qeyri-qanuni aksiyada iştirak etmək və ictimai təhlükəli hərəkətlər törətmək ittihamı ilə məhkum olunub.

Güneyli fəallar qatillər korpusunda saxlanılır


Güneyli fəallar qatillər korpusunda saxlanılır

Siyasi Məhbuslar Komitəsindən aldığımız məlumata əsasən, Güney hərəkatının həbsdə olan fəallarına təzyiqlər artıb. Milli hərəkatın tanınmış liderlərindən birisi olan Abbas Lisani son vaxtlar ağır şəraitdə - qatillər və narkomanlar korpusunda saxlanılır. Həbsxana işçiləri onunla çox yaramazlıqla davranır. Bundan əlavə, Səid Mətinpur millətçilik ittihamı ilə 2 aydan artıqdır ki, naməlum bir yerdə saxlanılır. Rəsmi orqanlar onun durumu haqda məlumat verməkdən imtina ediblər. S.Mətinpurun qadınının verdiyi xəbərə görə, həyat yoldaşının harada saxlanılması, ümumi vəziyyəti haqda heç bir xəbər yoxdur. Hətta S.Mətinpura vəkil tutmağa icazə də verilməyib.

Keçən 3 gündə 16 nəfər dara çəkilib


Mütərəqqi Qadınlar Təşkilatı “Bizim Yol” qəzetinə bu barədə məktub göndərib

İran hakimiyyəti ölkə vətəndaşlarına qarşı təzyiqini artırıb. Aldığımız məlumata görə, keçən 3 gündə hakimiyyət 16 nəfəri xuliqanlıq ittihami ilə dara çəkib. Onların bəzisinin məhkəmə prosesindən heç bir məlumat yoxdur, hətta bəzilərinə vəkil tutmağa icazə də verilməyib. Bundan əlavə, onların bir qismi hamının gözü qabağında cəzalandırılıb. Edam olunanların siyahısına iki siyasi ittihamla tutulmuş şəxs - Fazil Rəməzani və Hacət Murad Məhəmmədi də daxil olunub. Onlar milli təhlükəsizliyi pozmaq ittihami ilə 8 il bundan əvvəl «Bəxtiyari Vilayəti» ilə “Sipah Pasdaran” adlı könüllü hərbi qüvvələr arasında baş verən münaqişələrdə həbs olunmuşdular. Onlar edamdan qabaq Kərəc şəhərinin “Qohərdəşt” həbsxanasında saxlanılıblar. Insan haqları müdafiəçiləri siyasi məhbusların xuliqanlıq ittihamı ilə dara çəkilməsinə etiraz edib.
Mütərəqqi Qadınlar Təşkilatı «Bizim Yol» qəzetinə yazdığı məktubda üç nəfərin edamının sənədli filminin linkini göndərib və Azərbaycanda fəaliyyət göstərən insan hüquq müdafiəçilərindən bu qeyri-insani cəzaların dayandırılması barədə reaksiya göstərməsini xahiş edib.
Edam haqda sənədli filmlərin linkləri bunlardır:


=