
İranda Beynəlxalq İslam Hərəkatı Şəhidlərinin Xatirəsini Qoruyan Qərargah adlı qurum «Şeytan ayələri» kitabının müəllifi Salman Rüşdini qətlə yetirən hər hansı bir şəxsə veriləcək mükafatın məbləğini artırıb.
İran İslam Respublikasının banisi Ayətullah Xomeyninin fitvası ilə S.Rüşdinin başına 100 min dollar qoylmuşdu. Beynəlxalq İslam Hərəkatı Şəhidlərinin Xatirəsini Qoruyan Qərargah bu məbləğə 50 min dollar əlavə edərək pul mükafatını 150 min dollara qaldırıb.
«Media forum» saytının məlumatına görə, sözügedən qərargahın belə bir qərar qəbul etməsinə Britaniya kraliçası tərəfindən S.Rüşdiyə «Şvalye» («Cəngavər») ordeninin verilməsi səbəb olub. Beynəlxalq İslam Hərəkatı Şəhidlərinin Xatirəsini Qoruyan Qərargahın rəhbəri Fəruz Rəcai Fər kraliçanın islama qarşı düşmənçilik mövqeyindən çıxış etdiyini bildirib: «İmam Xomeyninin Salman Rüşdinin qətli ilə bağlı verdiyi fitvadan sonra çox müsəlman imamın bu tarixi hökmünü yerinə yetirməyə çalışıb. Elə buna görə də artıq 19 ildir Salman Rüşdi kabus içində yaşayır».
F.Rəcai Fər daha sonra deyib: «İngilislər və Salman Rüşdini himayə edən, islama qarşı düşmən mövqeyində olanlar bilməlidirlər ki, həmin kabus bu mürtəd yazıçını ömrünün son gününə qədər izləyəcək. Biz imam Xomeyninin hökmünü yerinə yetirən və bu mürtəd yazıçını qətlə yetirən hər kəsin əllərindən öpəcək və kiçik bir hədiyyə olan 150 min dolları məmnuniyyətlə ona təqdim edəcəyik».
Xatırladaq ki, iyunun 16-da Böyük Britaniya kraliçası Yelizavetanın doğum günü münasibətilə S.Rüşdi «Şvalye» ordeni ilə təltif edilib. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni bunu tənqid edib və islam dininə qarşı təxribat kimi qiymətləndirib.
