Tuesday, June 12, 2007

ABŞ Dövlət Departamenti İrana qarşı sanksiyaların sərtləşəcəyini bəyan edir

ABŞ Dövlət Departamenti İrana qarşı sanksiyaların sərtləşəcəyini bəyan edir

ABŞ Dövlət Departamenti uranı zənginləşdirməyi dayandırmaq barədə BMT-nin çıxardığı üç qətnaməyə məhəl qoymadığı üçün İrana qarşı hazırkı sanksiyaları daha da sərtləşdirəcəyini bəyan edib.
Dövlət Departamentinin sözçüsü Şon Makkormak jurnalistlərə bildirib ki, BMT Təhlükəsizlik Şurasına üzv ölkələr və Almaniya hələlik bu haqda konkret təklif irəli sürməsələr də, ABŞ-ın özü İrana qarşı beynəlxalq sanksiya və tədbirləri sürətləndirmək istəyir: «BMT-nin İrana qarşı növbəti addımı barədə mən hələlik nəsə deyə bilmərəm. Təkcə onu bilirəm ki, yaxın həftələrdə Nyu-Yorkda və «1+5» qrupuna üzv ölkələrin paytaxtlarında İrana qarşı atılacaq növbəti addımla bağlı daha sıx və ciddi danışıqların şahidi olacağıq».
Ş.Makkormak İranın bank sisteminə qarşı maliyyə təzyiqlərinin gücləndiriləcəyini də istisna etməyib: «Biz öz dost və müttəfiqlərimizlə BMT Təhlükəsizlik Şurası çərçivəsində İrana qarşı maliyyə təzyiqlərini genişləndirmək barədə müzakirələr aparırıq. Bu isə dünya ictimaiyyətinin İranın nüvə fəaliyyətindən narahat olduğu barədə İrana ünvanlanmış bir mesajdır».

Xarici İşlər Nazirliyi ABŞ-ı hədələdi

Xarici İşlər Nazirliyi ABŞ-ı hədələdi

İranın xarici işlər naziri Mənuçehr Mottəki ABŞ hakimiyyətini hədələyərək deyib: ”Biz ABŞ-ı peşman edəcəyik”. “Fars” agentliyindən verilən xəbərə görə, M.Mottəki Afrika Birliyi Komissiyasının sədri ilə müştərək mətbuat konfransında verdiyi bəyanatda bildirib ki, İran Xarici İşlər Nazirliyi çox geniş şəkildə ABŞ-un bu qeyri-qanuni işlərinə qarşı əməliyyatlar həyata keçirir və «Amerikanı kor-peşman edəcəklər». M.Mottəki əlavə edib ki, tezliklə BMT-yə yenə də şikayət ərizəsi yazılacaq: «Bizim mütəmadi məktublarımıza önəm verməyən Ban Ki Muna bildirəcəyik ki, Birləşmiş Millətlər Təşkilatı heç nəyə yaramır».
Xatırladaq ki, yanvarın 11-də ABŞ-ın İraqdakı qüvvələri bu ölkənin şimalında yerləşən Kürdüstan əyalətinin Ərbil şəhərində İran konsulluğuna hücum edərək beş nəfəri tutub. İran hökuməti tutulan şəxslərin diplomat olduğunu iddia etsə də, ABŞ-ın İraqdakı hərbi komandanlığı onların İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») Qüds qanadının üzvü olduqlarını bildirir.

Ayətullah Brucerdi edama məhkum edildi

Ayətullah Brucerdi edama məhkum edildi

«Əmir Kəbir» agentliyinin verdiyi məlumata görə, ayətullah Kazemeyni Burucerdi və onun 80 nəfər yoldaşı iyunun 10-da Tehranın Zəfəraniyyə xiyabanında yerləşən “Ruhaniyyət” məhkəməsinin 3-cü şöbəsində gizlicə mühakimə olunub. Ayətullah Burucerdiyə edam, 17 nəfər onun yoldaşına isə müxtəlif cəzalar verilib. Qalanların məhkəməsi yarımçıq qalıb. Ayətullah Burucerdinin yaxınlarının dediyinə görə, ona 30-dan artıq ittiham irəli sürülüb. O cümlədən, milli təhlükəsizliyi pozmaq, xalqı rejimin əleyhinə yönəltmək məqsədilə təbliğat aparmaq, “Vilayəti-fəqih»i qeyri-rəsmi orqan saymaq, İranın dini rəhbərini yalançı və din təhrifçisi adlandırmaq, xarici antiinqilablarla əməkdaşlıq və onlara casusluq etmək, “Sünnəti-din” adlı yeni din yaratmaq və s.

Canlı şahidlərin dediyinə görə, bu ittihamlara qarşı ayətullah Burucerdi hakimə bunları deyib: ”1995-ci və 2000-ci ildə də fəaliyyətlərimə görə dəfələrlə həbsə atılmışam. Mən yeni din yaratmamışam. Şəriətmədari kimi, mən də dinin siyasətdən ayrılmasını istəyirəm. Əgər məhkəmə ədalətlidirsə, mənə icazə versin, vəkil tutub, açıq şəkildə özümü müdafiə edim”.

Tələbələrə işgəncə verilir

Tələbələrə işgəncə verilir

Politexnik Universitetinin həbs edilmiş fəal tələbələri həbsxanada vəhşicəsinə işgəncələrə məruz qalır. “İranpressnyus” agentliyindən verilən xəbərə əsasən, 8 fəal tələbəyə mayın əvvəlində universitetdə yayılmış antirejim materialların müəlliflərini öyrənmək üçün ağır işgəncələr verilir. Tələbələrdən iki fəal - Abbas Həkimzadə və Əli Sabiri tutulandan sonra hadisəni zorla onlardan birinin boynuna qoymaq istəyirlər. Politexnik Universitetinin rektoru Əlirza Rəhai İran rəsmilərinə yazdığı aşıq məktubda tezliklə günahkar tələbələrin siyahısının elan olunmasını tələb edib.

May aksiyalarında tutulanların sayı daha artıqımış

May aksiyalarında tutulanların sayı daha artıqımış

İranın müxtəlif rayonlarında fars şovinizminə qarşı may ayında keçirilən aksiyalarda tutulanların sayı yayılan statistikalardan daha artıqdır. “Urmunyus” agentliyindən verilən xəbərə görə, intizami qüvvələrin təcridxanalarında və həbsxanalarında əsgərlik xidmətində olanların bir neçəsi bu barədə bildirib. Onların dediyinə görə, təkcə Təbrizin «Ettelaat» və intizami zindanlarında mayın 22-də tutulub həbsə salınanların sayı 800 nəfərdən artıq imiş. İntizami mənsubları tutulanların ailəsini hədələyibmiş ki, bu barədə heç bir agentliyə xəbər verməsinlər. Məsələn, Təbriz Universitetinin hüquq fakultəsində tələbə Qəfur Həbibpur və Roşənnejad gizlı vərəq payladığı zaman tutulub, 20 gündən sonra vəsiqə zamini ilə azadlığa buraxılıb. Q.Həbibpurun dediyinə görə, «Ettelaat» onun ailəsini hədələyib ki, bu barədə heç kəsə heç bir məlumat verməsinlər.