Saturday, June 23, 2007

Molla rejimi güneylilərə amansız işgəncələr verir

İran həbsxanalarında saxlanılan milli fəallara işgəncələr verilir və onlar əsassız olaraq fiziki zorakılıqlara məruz qalırlar. Bu xəbər Turana İrandakı mənbələrdən daxil olub.
Mənbə İran xüsusi xidmət orqanlarının Urmiya həbsxanasında reyd keçirdiklərini və bu zaman burada saxlanılan siyasi məhbusların döyüldüyünü, onlara gətirilən ərzaq və geymin müsadirə olunduğunu bildirir. Mənbənin bildirdiyinə görə, hətta məhbuslardan biri bu qanunsuzluğa etiraz etdiyi üçün ağır işgənjələrə məruz qalıb.
Mənbə Urmiya həbsxanasının rəisi Fəthin, siyasi məhbuslar saxlanılan korpusun rəisi Əkbər Əfşarın, dustaqxanada nəzarəti həyata keçirən xüsusi xidmət orqanları nümayəndələrinin siyasi məhbuslara işgəncə verməkdə "ad çıxardıqlarını" da diqqətə çatdırır.

ABŞ səmalarında süzən azərbaycanlı qız

Güneyli pilot üçrəngli bayrağımızı mavi göylərdə dalğalandırmaq istəyir

Səhər Sələhşur: “Ən böyük arzum Güney Azərbaycanın istiqlaliyyətinə qovuşması və Bütöv Azərbaycanın qurulmasıdır”

Güney Azərbaycan Analitik İnformasiya Mərkəzindən (GAAİM) verilən məlumata görə, bunu Təbriz şəhərində doğulub boya-başa çatmış və hazırda ABŞ-da mühacirət həyatı yaşayan sərnişin təyyarəsinin pilotu, 25 yaşlı soydaşımız Səhər Rza qızı Sələhşur bildirib.
Onun sözlərinə görə, ailəsi 12 il bundan əvvəl İran rejiminin zülmündən qaçaraq Amerikaya gedib: “Məndən başqa üç kiçik bacım var. ABŞ-a gəldikdən sonra “Dörd bacılar” adıyla tanınan Azərbaycan musiqisini təbliğ edərək bir neçə konsert verdik. Hazırda uğurlarımın hamısını öz ana torpağıma, ata və anama borcluyam”.
Səhər Sələhşur deyib ki, ABŞ-da nə qədər qəm-qüssədən uzaq, şad yaşasa da, ancaq hər an vətəninin bir parçasının farsların əsarəti altında olduğunu unuda bilmir: “Mən həmişə özümü bir türk qızı kimi düzgün və vüqarlı aparmağa çalışmışam. Özümü canımdan əziz, doğma torpağıma borclu sayıram”.
Güneyli xanım vətəni üçün çox darıxdığını da vurğulayıb: “Mən hər zaman vətəndən danışanda Təbrizin Aynalı dağının üstündəki buludları görürəm. Bir an özüm bilmədən gözlərim yaşarır. Arzu edirəm ki, azad vətənimizə ağ qanadlı təyyarəmlə birinci ayaq basan özüm olaydım.
Bundan böyük arzum yoxdur. Həmin gün üçün hamımız əl-ələ verib çalışmalıyıq. Mənim böyük vətənim vardır. Dərbənddən tutmuş Əraka qədər mənim vətənimdir. Həmin vətənin adı Azərbaycandır.
Təbriz üçün nə qədər ürəyim sıxılsa da, Ərdəbil, Urmiya, Həmədan, Astaranı da könlüm istəyir. Bakını da, Naxçıvanı da görmək istəyirəm. Axı mən nə edim? Bunlar hamısı mənim vətənimdir. Hər halda vətənim azad olsaydı, mən orada təhsil alıb, onun irəliləyişi üçün çalışardım. Ancaq təəssüflər olsun ki, azad vətənim bu gün əsarətdədir”.
Səhər Sələhşur qeyd edib ki, hələ uşaqlıqdan vətəninin farsların işğalı altında olduğunu anlayıb: “Bu səbəbdən atamın və anamın istəyilə əlimə qarmon aldım, mehriban müəllimim və ustadım, çox hörmətli Yusif bəy Əbdüləzimzadə ilə bərabər el nəğmələrini öyrənməyə başladım. İndi isə bu yoldan bir an geri çəkilmək niyyətində deyiləm. Təbii ki, çiynimizdə böyük məsuliyyət var”.
Onun bildirdiyinə əsasən, bir neçə aydan sonra Vaşinqton şəhərində Amerika Azərbaycanlılarının ikinci qurultayı keçiriləcək: “Tədbirdə Güney Azərbaycandan da soydaşlarımızın iştirak etməsi yaxşı olardı. Ancaq bu gün olmasalar da, bizlər onların tərəfindən varıq. İnşallah, qurtuluşumuzun ilk qaranquşu kimi azad olmuş vətənimizin üçrəngli bayrağını mavi göylərdə dalğalandıranlardan olacağam”.

İran prezidenti Azərbaycana sataşdı

Mahmud Əhmədinejad: “Xəzəryanı ölkələr xarici güclərin müdaxiləsinə yol verməyərək problemləri öz aralarında həll etməlidir”

“Xəzərin hüquqi statusu probleminə uzunmüddətli baxış və hövzənin təbii ehtiyatlarının dəyərləndirilməsi vacibdir”. APA-nın məlumatına görə, bu fikirləri Xəzəryanı ölkələrin xarici işlər nazirlərini qəbul edən İran prezidenti Mahmud Əhmədinejad söyləyib.
O, Xəzər dənizinin bütün sahilyanı ölkələrin tələbatını təmin edə biləcək səviyyədə önəmli ehtiyatlara malik olduğunu deyib: “Xəzəryanı ölkələr ortaq mədəniyyət, maraq və düşmənlərə sahibdir. Bu baxımdan bölgənin problemlərini qısa bir zamanda həll etmək, bölgənin ehtiyatlarını xalqların marağı və rifahı naminə istifadə etmək lazımdır. Bəzi dünya gücləri öz maraqları naminə Xəzərin hüquqi statusu problemindən region dövlətlərini bir-birinə qarşı qoymaq məqsədilə istifadə edir. Hesab edirəm ki, region ölkələri qarşılıqlı anlayış içərisində xarici güclərin müdaxiləsinə yol verməyərək problemləri öz aralarında həll etməlidir. Bəzi ölkələri bölgənin yalnız neft və digər enerji qaynaqları maraqlandırır. Amma bölgə dövlətlərini daha çox təhlükəsizlik və ekoloji problemlər maraqlandırmalıdır. Biz bu problemləri birgə həll etməyə qadirik”.

BMT İrana qarşı yeni addımlar atmağa hazırlaşır

73 ölkə BMT Təhlükəsizlik Şurasının 2006-cı ilin dekabrında İrana qarşı qəbul etdiyi qətnamənin yerinə yetirilməsi üçün atdığı addımlar barədə təşkilata məlumat verib. APA-nın xəbərinə görə, BMT-nin İrana qarşı sanksiyalar komitəsinin sədri, Belçikanın BMT-dəki daimi nümayəndəsi Yohan Verbeke 73 ölkədən 38-nin bununla bağlı qanunverici və hüquqi aktlar qəbul etdiyini açıqlayıb. O xatırladıb ki, qətnamə ilə İrana müəyyən məhsulların və avadanlıqların satışına qadağa qoyulub, nüvə fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin hesabları dondurulub, bu şəxslərin başqa ölkələrə girişinin yasaqlanması üçün BMT üzvlərinə çağırış edilib. Bu ilin martında Təhlükəsizlik Şurası yeni qətnamə ilə bu sanksiyaları daha da sərtləşdirib. Sənəddə bildirilir ki, İran TŞ-nin tələblərini yerinə yetirməsə, 60 gündən sonra bu məsələyə yenidən baxılacaq.

Rusiya İrandan gələn təhlükəni təsdiqləyib

Daniel Frid: «Biz Rusiyanın Avropada raket hucumundan müdafiə kompleksi quraşdırmaq ideyamıza münasibətindən narazıyıq»

“ABŞ Polşa və Çexiyada raket hücumundan müdafiə kompleksi quraşdırmaq niyyətindən imtina etməsə də, Vladimir Putinin Azərbaycandakı stansiyadan birgə istifadə ilə bağlı təklifi müəyyən qədər dəyərlidir”.
APA-nın məlumatına görə, bu fikirləri AB, dövlət katibinin müavini Daniel Frid söyləyib. O, Putinin təklifini maraqlı adlandırıb: “Rusiya bu təklifi etməklə İrandan təhlükə mövcud olması ehtimalımızı təsdiqləyir. Bununla belə biz Rusiyanın Avropada raket hücumundan müdafiə kompleksi quraşdırmaq ideyamıza münasibətindən narahat və narazıyıq. Hazırda ABŞ-Rusiya münasibətləri çox çətin mərhələni keçir”. Qeyd edək ki, ABŞ Çexiya ərazisində radiolokasiya stansiyası, Polşada isə raket hücumundan müdafiə kompleksi quraşdırmaq istəyir. Buş administrasiyası bu addımların İran və Şimali Koreyadan gözlənilən raket zərbələrinin qarşısını almaq üçün atıldığını bildirir.