Monday, July 9, 2007

ABŞ-İran müharibəsi başlayır

Dünən “ Los-Anceles Tayms” agentliyində dərc olunan məqalədə İran-ABŞ müharibəsinin tezliklə başlayacağı yazılıb. Yazıda deyilir ki, hazırda ABŞ və İran bir neçə cəbhədə müharibə aparır. Qəzzədə İran rejiminin dəstəyi ilə terror törədən HƏMAS qrupu bölgəni işğal altına alıb. ABŞ və İran hərbi gəmiləri isə Fars körfəzində üz-üzə dayanıb. ABŞ İranın 5 məmurunu İraq torpaqlarında tutub və İran buna cavab olaraq keçmiş İran vətəndaşı olan bir neçə tədqiqatçını girov saxlayır. Məqalədə vurğulanır ki, ABŞ hərbi mütəxəssisi Cozef Sirin Siyunenin dediklərinə əsasən, yaxın günlərdə müharibənin başlaması labüddür.
Tələbə hərəkatından son xəbərlər

“Əmir kəbir” agentliyinin verdiyi xəbərə görə, Politexnik Universitetinin 7 tələbəsi müxtəlif müddətə təhsildən məhrum edilib. Bijən Puryusefi, İsmail Səlmanpur və Səccad Veys Muradi 2 semestr, Abbas Həkimzadə isə 3 semestr təhsilsiz qalacaq. Mənbənin məlumatına əsasən, Əli Rəhayi Universitetin rektoru olandan 100-dən artıq tələbə inzibati komitəyə çağırılıb və müxtəlif müddətə təhsildən məhrum edilib. Hazırda daha 25 tələbə bu komitəyə çağırılıb.
Tehranın Xacə Nəsir xiyabanında yerləşən tələbə təşkilatı “Təhkime-Vəhdət”in ofisinə hücum edən polislər tələbələri tutaraq naməlum yerə aparıblar. Həbs olunanlardan Məhəmməd Hüseyn Bəhram Fəyyazi, Müctəba Bəyat, Murtaza İsahçı, Həbib Hacheydəri, Məsud Həbibi, Səid Hüseynniya, Əbdullah Mömini və İzzət Qələndərinin adları bəlli olsa da, başqa tələbələrin kimliyindən xəbər yoxdur. Bundan əlavə, təşkilatın 6 qurucusu da həbsə alınıb. Təbriz Universitetində daha 14 tələbənin müxtəlif müddətə təhsildən məhrum olunmalarına “İslami Əncümən” tələbə təşkilatının sədri Hamid Mühəqqiq sərt bəyanatla etiraz bildirib. H.Mühəqqiqi Universitetin mühafizə xidmətinin tələbələrə qarşı repressiyalarını qınayıb, onlara verilən cəzanın ədalətsiz olduğunu vurğulayıb.

İranda qanlı qırğın davam edir

Dünən toqquşmalarda 18 nəfər həlak olub, 2 nəfər edam olunub, bir nəfər daşqalaq edilib, itkin düşənlərdənsə xəbər yoxdur

İranda edamların sayı günü-gündən artmaqdadır. “Fars” agentliyinin verdiyi xəbərə görə, ötən gün İsfahan şəhər Məhkəməsinin 16-ci şöbəsində 23 yaşlı siyasi fəal Əkbər Əkbəri milli təhlükəsizliyi pozmaq ittihami ilə dara çəkilib.
Eyni ittihamla Zahidan şəhərinin inqilab məhkəməsində edama məhkum olunan Məhəmməd Gül.Q mərkəzi həbsxanada dara çəkilib.
“Əsre-İran” agentliyinin verdiyi xəbərə əsasən, əhali etiraz etsə də, Qəzvin əyalətinin Takistan bölgəsində Cəfər Kiyani adlı şəxs gizlicə daşqalaq edilib. Bu cəzaya məhkum olunan qadın Mükərrəmə İbrahimidən isə hələ xəbər yoxdur. M.İbrahiminin vəkili Səid İqbali də onun harada saxlanmasından xəbərsizdir. Ancaq “Edvardnyus” agentliyi hər iki şəxsin cəzasının icra olunduğunu xəbər verir.
Babək qalasına yürüşlərə qadağa qoyulmasına rəğmən, bir neçə millətçi fəal dağlardan gizlicə qalaya gedib. Onlar qayıdan zaman ”Ettelaat” tərəfindən tutularaq naməlum yerə aparılıblar. Həbs olunanlar barədə heç bir xəbər yoxdur.
Dünən səhər saat 9-30-da Bukan şəhərinin İsgəndəri meydanında əhali ilə polis arasında toqquşma olub. “İranpressnyus” agentliyinin verdiyi xəbərə görə, əhali polis maşınlarına hücum edib, onları daşlayıb. Polis qüvvələri isə əhalini qorxutmaq üçün havaya atəş açıb. Polis “Ettelaat” və intizami qüvvələrin dəstəyi ilə şəhəri öz nəzarətində saxlayıb.

Zahidan şəhərində polisin atəş açması nəticəsində 18 nəfər həlak olub. İyulun 7-də sərhədə parça daşıyan maşın polisin atəşinə tuş gəlib. Yaralanan sürücü nəzarəti itirib və idarə etdiyi maşın iki yanacaqdaşıyan maşınla toqquşub. Partlayış nəticəsində 18 nəfər həlak olub. Xatırladaq ki, “Mirgavə” adlanan bu caddədə keçən həftə bir nəfər də polis tərəfindən öldürülüb.
Kermanşah şəhərinin “Dizelabad” həbsxanasında saxlanılan 20 məhbus aclıq aksiyası keçirir. Bu məhbuslar bir ildən artıqdır tutulublar, ancaq onları məhkəməsiz həbsxanada saxlayırlar.
Bukan şəhərində tutulan siyasi fəal Məhəmməd Salih Kuyxaşir 4 ay təcridxanada saxlanılandan sonra, Məhabad şəhərinin inqilab məhkəməsində kürd partiyaları ilə əməkdaşlıqda ittiham olunaraq 8 il həbs cəzasına məhkum edilib.