Monday, June 18, 2007

yeni xəbərlər

101 ton narkotik maddə tutulub
Ötən 75 gün ərzində İranın intizami polisi 101 ton narkotik maddə aşkarlayıb. Narkotik Maddələrlə Mübarizə Şöbəsinin sədr müavini general Əli Fudazi “İskanyus” agentliyinə verdiyi müsahibədə bildirib ki, keçən 75 günün içində, 101 ton narkotik maddə tutulub, onun 3 330 kq-ı heroin, 1 600 kq-ı morfin, 20 930 kq-ı həşiş, 74 500 kq-ı tiryək, 1 460 kq-ı başqa narkotik maddələrdən ibarətdir. General Ə.Fudazi əlavə edib ki, narkotik maddələr satışı ilə son 75 gündə 74 170 nəfər tutularaq həbsə salınıb.
Bunu da qeyd edək ki, “Etimad” agentliyinin verdiyi xəbərə görə, keçən həftə təkcə Tehranda 5 nəfər narkotik maddələr alverçisi edam edilib. Bunların 3-ü zindanda, 2-i isə hamının gözü qabağında edam olunub.

Samirə şəhərindəki partlayışlar İranın işidir
“Əsre-İran” agentliyinin verdiyi xəbərə görə, İraqın Əlah Əl-din valiliyin sədr müavini Əbdullah əl-Cəburi İran kəşfiyyatını Samirədə baş verən terrorlarda ittiham edib. Ə.Əl-Cəburi əlavə edib ki, regional təhlükəsizlik məmurlarının əldə etdiyi fakt göstərir ki, bu şəhərdəki «əl-Qaidə» terrorçuları İran «Ettelaat»ı və başqa kəşfiyyatçıları ilə əlaqədədirlər. O əvvəllər də bir neçə dəfə «əl-Qaidə» terrorçularından xeyli silah və İran pulu tutduqlarını, bu terrorçu təşkilatla İran kəşfiyyatı arasında İraq və İranda gizlicə təmaslar və əməkdaşlıqlar barədə informasiyaya malik olduqlarını vurğulayıb.

Qəzzə bölgəsində “Sipah Pasdaran” terrorçuları
İtaliyanın “İlsule” agentliyinin verdiyi xəbərə görə, İran rejiminin «Sipah Pasdaran» hərbi qüvvələri Qəzzə bölgəsində HƏMAS qüvvələrini Mahmud Abbasın əleyhinə təşkilatlandırıb. “İlsule” əlavə edib ki, əgər İran rejiminin Livanın «Hizbullah» təşkilatına verdiyi hərbi struktur və raketlər HƏMASın əlinə keçsə, tezliklə İsrail şəhərləri bombardmana məruz qalacaq.
Fransanın “Fiqaro” qəzetinin verdiyi xəbərə görə, HƏMAS hərbi qüvvələri İran və Suriya rejimi tərəfindən maliyyələşdirilib və hərbi əməliyyatlar üçün təlim edilib. Fransa telekanallarından birisi bildirib ki, İsrail Qəzzədə yaranan, İsrail ilə 5 dəqiqəlik məsafədə yerləşən “Kiçik İran”dan qorxur.

Salman rüşdinin başina qoyulan pul mükafatinin məbləği artirildi
İranda Beynəlxalq İslam Hərəkatı Şəhidlərinin Xatirəsini Qoruyan Qərargah adlı qurum «Şeytan ayələri» kitabının müəllifi Salman Rüşdini qətlə yetirən hər hansı bir şəxsə veriləcək mükafatın məbləğini artırıb.
İran İslam Respublikasının banisi Ayətullah Xomeyninin fitvası ilə S.Rüşdinin başına 100 min dollar qoylmuşdu. Beynəlxalq İslam Hərəkatı Şəhidlərinin Xatirəsini Qoruyan Qərargah bu məbləğə 50 min dollar əlavə edərək pul mükafatını 150 min dollara qaldırıb.
«Media forum» saytının məlumatına görə, sözügedən qərargahın belə bir qərar qəbul etməsinə Britaniya kraliçası tərəfindən S.Rüşdiyə «Şvalye» («Cəngavər») ordeninin verilməsi səbəb olub. Beynəlxalq İslam Hərəkatı Şəhidlərinin Xatirəsini Qoruyan Qərargahın rəhbəri Fəruz Rəcai Fər kraliçanın islama qarşı düşmənçilik mövqeyindən çıxış etdiyini bildirib: «İmam Xomeyninin Salman Rüşdinin qətli ilə bağlı verdiyi fitvadan sonra çox müsəlman imamın bu tarixi hökmünü yerinə yetirməyə çalışıb. Elə buna görə də artıq 19 ildir Salman Rüşdi kabus içində yaşayır».
F.Rəcai Fər daha sonra deyib: «İngilislər və Salman Rüşdini himayə edən, islama qarşı düşmən mövqeyində olanlar bilməlidirlər ki, həmin kabus bu mürtəd yazıçını ömrünün son gününə qədər izləyəcək. Biz imam Xomeyninin hökmünü yerinə yetirən və bu mürtəd yazıçını qətlə yetirən hər kəsin əllərindən öpəcək və kiçik bir hədiyyə olan 150 min dolları məmnuniyyətlə ona təqdim edəcəyik».
Xatırladaq ki, iyunun 16-da Böyük Britaniya kraliçası Yelizavetanın doğum günü münasibətilə S.Rüşdi «Şvalye» ordeni ilə təltif edilib. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni bunu tənqid edib və islam dininə qarşı təxribat kimi qiymətləndirib

Amerikalilar Iraqda daha üç Iran diplomatini həbs ediblər

İyunun 17-də İraqın xarici işlər naziri jurnalistlərə açıqlamasında ABŞ qüvvələrinin üç İran diplomatını tutduğunu təsdiqləyib. «Assoşieyted Press» İraq nazirinə istinadən yaydığı məlumatda diplomatların iyunun 13-də tutulduğunu bildirir.
Beləliklə, hazırda İraqdakı ABŞ qüvvələrinin həbsində saxlanan İran diplomatlarının sayı səkkizə çatır. Xatırladaq ki, bir neçə ay əvvəl ABŞ qüvvələrinin Ərbildə yerləşən İran qərargahına qarşı hücumda diplomat olduğu iddia edilən 5 İran rəsmisi tutulmuşdu. İran tutulanların diplomat olduğunu bildirsə də, Amerika onların İran İnqilab Keşikçilər Korpusunun Qüds qanadının üzvü olduğunu deyir.
Tutulan 3 İran diplomatının hazırda harda saxlandığı barədə hər hansı bir məlumat yayılmayıb.

Urmiyada Füzulinin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib

İyunun 13-14-də Urmiyada Azərbaycan şairi Məhəmməd Füzulinin yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib. Bu barədə APA-ya konfransın iştirakçısı, Azərbaycan Milli Elmlər Akademiyası Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Səadət Şıxıyeva məlumat verib. Onun dediyinə görə, konfransda Bakıdan 16, Naxçıvandan 7 alim iştirak edib. Konfransda mətnşünaslıq, ədəbiyyat tarixi, ədəbi əlaqələr, fəlsəfə, şeir sənətinə həsr olunmuş məruzələr dinlənilib. Konfrans iki dildə - Azərbaycan və fars dillərində keçirilib. Elmi heyətdən əlavə, konfransda Azərbaycanın üç şairi iştirak edib. Urmiya Universitetində keçirilən şeir məclislərində Azərbaycanın klassik və çağdaş şeir nümunələri səslənib. Növbəti konfrans Mövlana Cəlaləddin Rumiyə həsr olunacaq və oktyabr ayında keçiriləcək. Qeyd edək ki, elmi konfrans Urmiya Universiteti və Azərbaycan Ədəbiyyatının Araşdırma və Tədqiq Mərkəzinin təşkilatçılığı ilə baş tutub.