Wednesday, June 13, 2007

Güney deputnı kütləvi həbsləri pislədi

Güney deputnı kütləvi həbsləri pislədi
İran parlamentinin - İslami Şura Məclisinin Təbrizdən olan deputatı Əkbər Ələmi hökumətin azərbaycanlı milli fəallara qarşı yol verdiyi zorakılığa və milli fəalların kütləvi şəkildə həbs olunmasına etiraz edib. Ə.Ələmi bununla bağlı İranın təhlükəsizlik nazirinə, yəni ETTELAAT-ın rəhbərinə və daxili işlər nazirinə sorğu ünvanlayıb. Məlumata görə, sorğuda bildirilir ki, İranda türk dilində məktəblərin açılmasını və tədrisin ana dilində aparılmasını tələb etdiyinə görə Azərbaycan türklərinin böyük bir qismi təhqirlərə məruz qalır, həbs olunur və həbsxanada ciddi təzyiqlər altında yalançı etiraflar, ifadələr verməyə məcbur edilirlər. Deputat öz sorğusunda təhlükəsizlik və daxili işlər nazirlərindən soruşur: «Sizcə, insanları yalnız öz ana dilinə və doğma mədəniyyətinə bəslədiyi sevgiyə və konstitusiyanın 15-ci maddəsinin icrasını tələb etdiyinə görə həbs etmək olarmı? Sizcə, ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması bəhanəsi ilə insanların ən ibtidai və insani hüquqlarına, o cümlədən də söz və əqidə azadlığına, dinc məqsədlərlə, hər hansı bir odlu silah daşımadan keçirilən aksiyalarına qadağa qoymaq olarmı? Sizcə, özünün ibtidai və insani hüquqlarını tələb edən insanların heysiyyətinə, mənliyinə, şəxsiyyətinə toxunaraq heç bir əsas olmadan onların evlərinə girib şəxsi həyatına təcavüz etmək olarmı. İran konstitusiyasının 15-ci maddəsinə görə, fars dili ölkənin rəsmi dili olmasına baxmayaraq İranda yaşayan bütün xalqların dilləri fars dili ilə yanaşı məktəblərdə tədris edilə bilər. 2006-cı ilin may hadisələrinin ildönümü ilə əlaqədar bu il mayın 22-də Təbrizdə və başqa şəhərlərdə azərbaycanlılar aksiyalar keçiriblər. Polis və təhlükəsizlik qüvvələri aksiyalara müdaxilə edib, istər aksiyalar zamanı, istərsə də ona hazırlıq günlərində bir sıra fəallar tutulub, həbsxanada təzyiq və işgəncələrə məruz qalıblar

Fars rejimi “Bəzz” qalasina yürüşün qarşisini almaq istəyir

Fars rejimi “Bəzz” qalasina yürüşün qarşisini almaq istəyir

Azərbaycanın güneyində vəziyyət ağır olaraq qalmaqdadır. İran rejimi milli hərəkatçılara, onların yaxınlarına, ümumiyyətlə, aksiyalarda iştirak etmiş bütün şəxslərə qarşı amansızcasına mübarizə aparır. Güneydən gələn xəbərlərə görə, fars rejimi Babək qalasına yürüşün qarşısını almaqdan ötrü repressiya tədbirlərini bütün Güney Azərbaycan ərazisində həyata keçirir.
Rejim milli hərəkatın Kəleybər şəhəri yaxınlığında yerləşən Bəzz qalasına nəzərdə tutduğu yürüşün möhtəşəmliyinə xələl gətirməkdən ötrü fəalları saxta ittihamlarla zindana atır. İyunun 3-də Qoşaçayda ETTELAAT əməkdaşları milli fəal Mehdi Təgərgini evindən çıxararaq naməlum istiqamətə aparıblar. Qoşaçay Azad Universitetinin məzunu olan Təgərginin harda saxlandığı barədə hələlik heç bir məlumat yoxdur. Bu il mayın 22-də keçirilən etiraz aksiyalarında iştirak etdikləri üçün Qoşaçay həbsxanasına salınan milli fəallardan 14-ü Urmiya zindanına köçürülüb. Ağır böyrək xəstəliyindən əziyyət çəkən Behbud Quluzadənin də həmin məhbuslar arasında olduğu bildirilir. Məlumatda həmçinin tanınmış milli fəal Əsğər Əsədinin (Eldəniz) Təbriz həbsxanasında saxlandığı və onun ailəsinin yalnız on gün sonra bunu öyrənə bildiyi vurğulanır.
Son günlərdə bir sıra hərəkat fəalları külli miqdarda girov qoymağın müqabilində sərbəst buraxılıblar.

Abbas Lisani məhkəməyə müraciət edib

Abbas Lisani məhkəməyə müraciət edib

İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən biri Abbas Lisani məhkəməyə müraciət edib. A. Lisaninin həyat yoldaşı Ruqəyya Lisani İrandan APA-ya açıqlamasında deyib ki, müraciətdə A. Lisani azadlığa çıxmaq istəmədiyini və cəza müddətini sona qədər çəkməkdə israrlı olduğunu bildirib. Bunun səbəbini isə A. Lisani cəza müddətinin bitməsinə çox qalmaması ilə izah edib. R. Lisani mayın 16-da Abbas Lisaninin işinə baxan Təbriz Şəhər Məhkəməsinin qərarının hələ də açıqlanmadığını diqqətə çatdırıb: “Məhkəmənin keçirildiyi gündən 20 gün keçməsinə baxmayaraq, qərar açıqlanmayıb və bu da bizi narahat edir. Vəziyyətlə bağlı bütün nüfuzlu beynəlxalq təşkilatlara müraciət edilib”. Qeyd edək ki, A. Lisani 2006-cı ilin may-iyun hadisələrindən sonra aksiyaların təşkil olunmasında təqsirli bilinərək saxlanılıb və məhkəmənin qərarı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Mayın 15-də Təbriz Şəhər Məhkəməsində keçirilən prosesdə isə A. Lisani 2006-cı ildə Bəzz qalasına yürüşün təşkilində ittiham olunub.

İran Güneyi itirməkdən qorxur

İran Güneyi itirməkdən qorxur

İranda baş verən son hadisələrdən sonra Güneydə yaşayan soydaşlarımız müxtəlif təzyiqlərə məruz qalırlar. Bu sırada qadınların sayı da çoxluq təşkil edir ki, İranın güc strukturları tərəfindən müxtəlif təhqirlərə məruz qalırlar. Bununla bağlı münasibətini açıqlayan Vətəndaş Həmrəyliyi Partiyası sədrinin beynəlxalq və ictimai-siyasi əlaqələr üzrə müşaviri Arif İsmayılbəylinin sözlərinə görə, İran islam dövləti olmasına baxmayaraq, bu məmləkətdə həmişə qadınların hüquqları tapdalanır: "Mən hesab edirəm ki, Güneydə yaşayan türk qadınlarına qarşı edilən təhqiramiz hərəkətlərin arxasında türk kişilərini hərəkatlara qatılmaqdan çəkindirmək məqsədi durur. Soydaşlarımıza qarşı edilənlərlə bağlı təbrizli deputat Əkbər Ələmi parlamentə etirazını bildirsə də İran hakimiyyəti heç bir reaksiya bildirmədi. Belə demək olar ki, bu, İran siyasətinin tərkib hissəsidir. İran azadlığını, hüququnu tələb edən bir xalqın kişilərini susdurmağın yolunu bu şəkildə, qadınlarını təhqir etməkdə görür". İran nə zamansa Güneyi itirməkdən qorxur. Ona görə, də orada baş verə biləcək hər hansı bir hərəkatın qarşısını amansızlıqla almağa çalışır

Güneyli hərəkatçının yeri bilindi

Güneyli hərəkatçının yeri bilindi

Dariyuş İsmayılzadə Urmiya türməsindədir. May hadisələrinin ildönümü ilə əlaqədar keçirilən aksiyalarda həbs edilmiş Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Dariyuş İsmayılzadə Urmiya zindanında saxlanılır. Qeyd edək ki, o, mayın 22-də yaxalanmış və naməlum istiqamətə aparılmışdı. Onunla birgə həbs edilmiş Milli Hərəkat fəalları Araz Soltani və Behnam Nurməhəmmədi barədə məlumat yoxdu.

Urmiya türməsində "Yaşasın Azərbaycan" şüarı

Urmiya türməsində "Yaşasın Azərbaycan" şüarı

Urmiya zindanında saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Əkbər Paşayi ağır durumdadır. Azad olunan siyasi fəallardan birinin verdiyi məlumata görə, Ə.Paşayiyə ağır işgəncələr verilir. Sonuncu dəfə rejim qulluqçularının fiziki təzyiqlərinə məruz qalan güneyli məhbus "Öldü var, döndü yox!", "Yaşasın Azərbaycan!" şüarını səsləndirib. Qeyd edək ki, Ə.Paşayi "Şəhriyar" cəmiyyətinin sədri olub. Siyasi məhbus may hadisələri zamanı həbs edilib

Həbsdəki qoşaçaylı fəallar 8 gün əvvəl başladiqlari acliq aksiyasini davam etdirirlər

Həbsdəki qoşaçaylı fəallar 8 gün əvvəl başladiqlari acliq aksiyasini davam etdirirlər

2006-cı ilin 22 may etiraz aksiyalarının ildönümündə həbs edilmiş qoşaçaylı milli fəallar aclıq aksiyasını davam etdirirlər. Aksiya milli fəallar həbs ediləndən 25 gün sonra başlayıb və 8 gündür davam edir.
«Media forum» saytının məlumatına görə, qoşaçaylı məhbusların ailə üzvləri Qoşaçay prokurorluğu qarşısında oturaq aksiyaya başlayacaqlarını bəyan edəndən sonra, nəhayət, prokurorluq özünün sərt mövqeyindən geri çəkilib və Behbud Quluzadə və Şahin Həsəninin Urmiya zindanında öz ailələri ilə görüşməsinə icazə verib. Tanınmış milli fəal Calal Kürdərilunun isə ailə üzvləri ilə görüşməsinə Qoşaçay prokurorluğu razılaşmayıb.