Wednesday, June 13, 2007

Güney deputnı kütləvi həbsləri pislədi

Güney deputnı kütləvi həbsləri pislədi
İran parlamentinin - İslami Şura Məclisinin Təbrizdən olan deputatı Əkbər Ələmi hökumətin azərbaycanlı milli fəallara qarşı yol verdiyi zorakılığa və milli fəalların kütləvi şəkildə həbs olunmasına etiraz edib. Ə.Ələmi bununla bağlı İranın təhlükəsizlik nazirinə, yəni ETTELAAT-ın rəhbərinə və daxili işlər nazirinə sorğu ünvanlayıb. Məlumata görə, sorğuda bildirilir ki, İranda türk dilində məktəblərin açılmasını və tədrisin ana dilində aparılmasını tələb etdiyinə görə Azərbaycan türklərinin böyük bir qismi təhqirlərə məruz qalır, həbs olunur və həbsxanada ciddi təzyiqlər altında yalançı etiraflar, ifadələr verməyə məcbur edilirlər. Deputat öz sorğusunda təhlükəsizlik və daxili işlər nazirlərindən soruşur: «Sizcə, insanları yalnız öz ana dilinə və doğma mədəniyyətinə bəslədiyi sevgiyə və konstitusiyanın 15-ci maddəsinin icrasını tələb etdiyinə görə həbs etmək olarmı? Sizcə, ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması bəhanəsi ilə insanların ən ibtidai və insani hüquqlarına, o cümlədən də söz və əqidə azadlığına, dinc məqsədlərlə, hər hansı bir odlu silah daşımadan keçirilən aksiyalarına qadağa qoymaq olarmı? Sizcə, özünün ibtidai və insani hüquqlarını tələb edən insanların heysiyyətinə, mənliyinə, şəxsiyyətinə toxunaraq heç bir əsas olmadan onların evlərinə girib şəxsi həyatına təcavüz etmək olarmı. İran konstitusiyasının 15-ci maddəsinə görə, fars dili ölkənin rəsmi dili olmasına baxmayaraq İranda yaşayan bütün xalqların dilləri fars dili ilə yanaşı məktəblərdə tədris edilə bilər. 2006-cı ilin may hadisələrinin ildönümü ilə əlaqədar bu il mayın 22-də Təbrizdə və başqa şəhərlərdə azərbaycanlılar aksiyalar keçiriblər. Polis və təhlükəsizlik qüvvələri aksiyalara müdaxilə edib, istər aksiyalar zamanı, istərsə də ona hazırlıq günlərində bir sıra fəallar tutulub, həbsxanada təzyiq və işgəncələrə məruz qalıblar